Azərbaycanda qızıl kəskin BAHALAŞIB - QİYMƏTLƏR

 Azərbaycanda qızıl kəskin BAHALAŞIB - QİYMƏTLƏR

Dünya bazarında qızılın qiyməti rekord həddə çatıb. Belə ki, bu gün qızılın qiyməti ilk dəfə 2800 dollar həddini keçib. Nyu-York əmtəə birjasında bu səhər 1 unsiya qızıl 2801,7 dollara satılıb. Bundan əvvəl qızıl 2700 dollarlıq psixoloji həddi sentyabrın 26-da aşıb.

Bununla da ilin əvvəlindən qiymət artımı 35 faizə çatıb. Qızılın qiymətini artıran amillər arasında dünyada geosiyasi risklərin kəskinləşməsi, monetar siyasətin yumşaldılması və ABŞ-da prezident seçkilərinin nəticəsinin qeyri-müəyyənliyi var. Bütün bunlar təhlükəsiz sığınacaq kimi qızıla tələbatı artırır. ABŞ-da seçkilərə qədər son həftələrdə ştatlarda siyasi qeyri-müəyyənlik faktoru qızılın bahalaşmasını xüsusilə sürətləndirir.

Titul.az xəbər verir ki, qiymət artımı Azərbaycana da təsirsiz ötüşməyib. Modern.az qızıl alış-satışı ilə məşğul olan bir neçə satıcı ilə həmsöhbət olub.

Satıcıların verdiyi məlumata görə, qızılın satış qiymətində ötən illə müqayisədə ciddi artım qeydə alınıb. 

"Məsələn, ötən il 90, 95, 100 manata satılan 583 və 585 əyarlı qızıl-zinət əşyaları hazırda 120, 125 və 130 manata təklif olunur. 750 əyarlı İtaliya qızılı isə daha bahadır. Hazırda bu qızıl alıcılara 155-160 manata təklif edilir", - satıcılardan biri deyir.

Qızılın bahalaşması bazarda durğunluğa səbəb olub. Müştərilər qızılın qiymətinin artmasından narahatdır, onlar ötən il aldıqları qiymətə qızıl tapa bilmirlər. Bəzi müştərilə isə qızılın bahalaşdığı kimi anidən ucuzlaşa biləcəyindən ehtiyat edir və qızıl almağa tərəddüd edirlər.

“Son iki ayda qızıl qiymətlərində daha kəskin artım var. Nümunə üçün deyə bilərəm ki, 585 əyarda olan Türkiyə istehsalı qızılı 15 gün əvvəl qramını 100 manata sadırdıqsa, bu gün 115-120 manat arasında satırıq. İstehsal olunan ölkəsinə, çəkisinə, dizaynına, modelinə görə qiymətlər fərqlidir. Məsələn, qramı 145,150, hətta 160 manat olan modellər də var”, - digər bir satıcı qeyd edib.

Ekspertlər qızılın daha da bahalaşacağını düşünür. Zərgərlər Assosiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qızıla ciddi yatırımlar müşahidə edilir. “Bu yatırımlar, əsasən, müxtəlif ölkələrin Mərkəzi Bankları tərəfindən edilir. Bunun səbəb, təbii ki, regionda və ümumilikdə dünyada baş verən münaqişələrdir. Onların sayı artdıqca ciddi yatırım alətlərinə ehtiyac duyulur. Qızıl ən stabil yatırım alətlərindən biridir. Təbii ki, tələbat artdıqca qiymətlər müsbət mənada irəliləyir. Qərbi Avropada 8 karat dediyimiz 333 əyarlı qızıllar çox populyarlaşıb. Bunun əsas səbəblərindən biri də qızılın birja qiymətinin qalxmasıdır”, - o, televiziyaya açıqlamasında deyib.

T.Abbasquliyev bildirib ki, 2020-ci ilin əvvəlində 40-42 dollar civarındaydısa, 909 əyarlı qızılın 1 qramının qiyməti bu gün artıq qiymət 83 dollardır: "İlin əvvəlində isə qiymətlər 20 faizdən də çox artıb. Təbii ki, dünya ekspertləri belə bir statistikaya baxdıqda qızılın qiymətinin daha da artacağını proqnozlaşdırırlar".

19:14 - 30 Oktyabr 2024

Xəbər lenti