Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzvlər təyin olunub.
Titul.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib.
Qeyd edək ki, F.Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.
"Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə "Əməkdar artist", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1992-1996-cı illərdə "Şən və Hazırcavablar Klubu"nun (ŞHK) üzvü olub. 1994-1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb.
2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. O, 2023-cü ildən Heydər Əliyev Sarayına rəhbərlik edir.
15:28 - 2 May 2025