Bu ilin altı ayı ərzində qeydə alınmış hərbi cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 10 faiz azalıb.
Titul.az-ın məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda 2025-ci ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov deyib.
O bildirib ki, qeyri-hərbi cinayətlər 2.5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18.6 faiz azalıb:
"Eyni zamanda, 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43.9, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36.4, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri 45.3, fərarilik cinayətləri 70, eləcə də, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 52.9, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 18.2, özünüöldürmə həddinə çatdırma cinayətləri 50 faiz azalıb. İlk yarım il ərzində Silahlı Qüvvələrdə qəsdən adamöldürmə və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri qeydə alınmayıb".
13:39 - 18 İyul 2025